Namiq Əsgərov
“Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru
cənab Asəf Mehdiyevə
Hörmətli Asəf müəllim,
Azərbaycan Prokurorluğunun yaranmasının 100 illiyi münasibətilə hazırlanmış “Azərbaycan Prokurorluğu - bir əsrlik inkişaf tarixi” adlı kitab, rəhbəri olduğunuz “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinin mətbəəsində orijinal dizayn və yüksək poliqrafik üslubda çap olunmuşdur.
1 oktyabr 1918-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə təsis edilmiş Azərbaycan Prokurorluğunun keçdiyi tarixi inkişaf yolu, qazandığı uğur və nailiyyətlər, ölkəmizdə həyata keçirilən məhkəmə - hüquq islahatlarının tərkib hissəsi kimi prokurorluq orqanlarında aparılan islahatlar, yeniləşmə və müasirləşmə prosesləri, hüquqi dövlət quruculuğunda prokurorluğun rolu barədə ətraflı məlumatların əks olunduğu kitab prokurorluğun tarixi və inkişafə barədə məlumat almaq istəyənlər üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, müasir texnoloji avadanlığa və yüksək ixtisaslı kadr potensialına malik “Şərq-Qərb” nəşriyyatının məhsulu olaraq nəfis poliqrafiya nümunəsidir.
Kitabın qısa zaman ərzində nəşri məhz “Şərq-Qərb” nəşriyyatı əməkdaşlarının, xüsusilə Sevil İsmayılovanın, Eldar Əliyevin, Nurlan Nəhmətovun, Yeganə Rüstəmovanın, Nərgiz Cabbarlının, Ülkər Məmmədovanın, Kərim Məhdəvinin və digərlərinin yaradıcı əməyi və gərgin zəhməti hesabına mümkün olmuşdur.
“Azərbaycan Prokurorluğu-bir əsrlik inkişaf tarixi” kitabının işıq üzü görməsi ilə əlaqədar Sizə və nəşriyyatın bütün əməkdaşlarına dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər və yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Namiq Əsgərov
Azərbaycan Respublikası
Baş Prokurorunun Müavini
21 dekabr 2018-ci il